Ana səifə


                                                   Tanışlıq
 Səhifənin yaradılma səbəbləri1. Borcumu (belə demək mümkünsə) qaytarmaq düşüncəsi. İnsanın yaranması (ya da yaradılmasının) məqsədini, həyatın mənasını tam dərk edə bilmirəm. Ama onu düşünürəm ki, hər insan yaşamı üçün valideyinlərinə, Vətəninə, cəmiyyətə hətta təbiətə borcludur (miqdarını təyin etmək mümkün deyil). Bu borcu qaytarmaq mümkünmü? Ananızın (ana bətnindəki həyatınızı da nəzərə alaraq) Sizin həyatınız üçün çəkdiyi əziyyətin neçə faizini geri qaytara bilərsiniz? Yaxud, bir maşının yaranmasında minlərcə insanın zehni və fiziki əməyi təmərküzləşib. Heç düşündünüzmü ki, uzaq keçmişdə sizin indi istifadə etdiyiniz avtomobilin daxili yanma mühərrikini kəşf edən ixtiraçıya borcunuz var və onu necə ödəyə bilərsiniz? İnsan 300 trilyon hüceyrə olaraq yer üzündə (hər halda kosmosda daha təkmil olduğuna inanıram) ən mükəmməl varlıq kimi bütün geno- və fenotipi üçün təbiətə borclu deyilmi?
Yəni, bizim borc ödəməmizin geri yolu çox məhduddur ya da yoxdur. Əvəzində övladlarımıza (hətta bizə veriləndən daha çox) və bizdən sonrakı nəslə bir şeylər verə bilərik və verməliyik. Başqa sözlə keçmişdən indiyə və bu gündən gələcəyə uzanan, çox şeyi müəmmalı qalan bu həyat zəncirində bizim nəsil də bir halqadır. Bu halqanın bir zərrəciyi də (çox kiçik də olsa) bizik və borcumuzu dərk etməli və ödəməyə heç olmasa cəhd etməliyik. Bu məqsəd və böyük ümidlə “insanlığın” mənə verdiyi internet imkanından istifadə edərək borcumun heç olmasa bir hissəsini verməyə cəhd etdim. Bilik və təcrübəmi Sizlərlə bölüşmək qərarına gəldim. Həm də həkimlik borcumu (əhalinin sanitar maarifini artırmaqla, gənc həkimlərə məsləhət verməklə, həmkarlarımla təcrübə mübüdiləsi etməklə, gələcəkdə internet üzərindən tibbi xidmət təşkil etməklə) yerinə yetirmiş olaram. Faydalı olsam, özümü daha rahat hiss edəcəyimi düşünürəm.
2. Mərkəzi sinir sisteminin iş prinsiplərindən biri də əks əlaqə prinsipidir. Belə ki, orqanizmdə hərəkət (fəaliyyət) zamanı fəaliyətin reallaşması istiqamətindəki mərhələlərdə mərkəzə məlumat verilir. Bundan asılı olaraq fəaliyyətin gedişinə nəzarət və davamı korreksiya edilir. Bu prinsip bir çox başqa sahələrdə də tətbiq olunur. Digər yandan əslində fəaliyyət qıcığa bağlıdır. Yəni özünütənqid və tənqid olmasa insanın təkmilləşməsi çətin olar. Ona görə də Sizin fikir, rəy və tənqidləriniz mənim öz üzərimdə daha çox çalışmağıma, peşəmdə təkmilləşəcəyimə səbəb olacağını düşünürəm.
3. Qeyd etməliyəm ki, bu işə başlamamda tanış və xəstələrimin tələbnin də təsiri olmuşdur.
4. Özümü tanıtmaq istəyimi reallaşdırmaq. Məncə, xöşbəxtlik müəyyən zaman kəsimində yaşadığımız ruhi və fiziki rahatlığın yüksək səviyyəsidir ki, bu da arzuların reallaşması ilə əlaqədardır. Yəni, insanın boyük arzuları həyata keçəndə xoşbəxt olur, istəkləri reallaşanda rahatlıq tapır. İnsanın bir tutqusu da tanınmaq həvəsidir. Ama, mən tanınmaqdan çox özümü tanıtmaq (yəni fiziki mənada deyil, fikir və düşüncələrimi Sizə çattırmaq anlamında) məqsədi ilə səhifəni tərtib edirəm. Çünki, çox vaxt eşitdiyim fikir, qarşılaşdığım hadisələr, əksəriyyət tərəfindən asanlıqla qəbul olunsa belə, mən qəbul edə bilmirəm (paradoksal görünsə belə, etiraf etməliyəm ki, istəsəm də olmur). Məndə onlara qarşı ya tənqidi ya da əks fikir yaranır. Hesab edirəm ki, hər hansı bir məsələyə muxtəlif nəzərlərdən baxmaq məsələnin rasiyonal həlli üçün faydalıdır (istərsəniz bunu özünü müdafiə kimi də qəbul edə bilərsiniz). Hətta bunun aşırı olduğunu, mənə hər yönü ilə zərər verdiyini başa düşdüyüm halda, onunla mübarizə apara bilmirəm. Açıqcası, fikirlərimi Sizə çatdırmaqda məqsədim odur kı, aranızda həmfikirlərimi tapım. Əminəm ki, mənə bənzərlər var və mütləq tapışacağız.
P.S: ‘’Sən demə qara qızın dərdi varmış: yəni ki. sən həmfikir ‘’ovuna’’ çıxmısan’’, deyə düşünənlərinizdən çox incimərəm.

       Təcümeyi halım
    1947-də Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonu Aşağı qışlaq kəndində anadan olmuşam. Haliyədə, Nax. Şəh., Xətai məh. ¼ -də yaşayıram.
Təhsilim: -1966-da Nax. MR Şahbuz r-n Kolanı Kənd Orta məktəbini, 1972-də N.Nərimanov ad. Azərb. Dövlət Tibb İnstitutu, müalicə profilaktika fakultəsini bitirmişəm. 1974-də Ə. Əliyev ad. Həkimləri Təkmilləşdirmə İnstitutunda Nevropatoloq ixtisası almışam. 1979-da Leninqradda Ekspert Həkimlərinin Təkmilləşdirilməsi İnstitutunda sinir xəstəliklərinin ekspertizası üzrə, 1989-da Kievdə Refleksoterapiya ixtisası üzrə təkmilləşdirmə, 1994-95 də Türkiyə Erciyes Universitesi Nöroloji Anabilim bölümündə təcrübə artırma kurslarında olmuşam. 1991-də Birinci Dərəcəli Nevropatoloq diplomu almışam. 1994-də Türkiyə Cumhuriyyəti YÖK tərəfindən həkimlik diplomumun dənkliyi təsdiq edilmiş, 2009-da T.C Sağlık Bakanlığı tərəfindən təscil edilmişdir, 2009-da T.C vetandaşlığını qəbul etmişəm .
Tibb fəaliyyətim: 1969-1972-də Semaşko ad. Klinik Xəstəxananın gəbul şöbəsində və Sumqayıt Səhər Xəstəxanası Uşaq Cərrahiyəsi şöbəsində tibb qardaşı, 1972-74-də Şahbuz RMX-da həkim nevropatoloq, 1974-77-də Kolanı SX-nın baş həkimi, 1977-83-də Nax. MR Respublika HƏEK-də ekspert nevropatoloq və sədr, !983-94-də Nax. RX Əsəb Xəstəlikləri şöbəsində nevropatoloq, 1994-2001-də Türkiyədə Kayseri Kızılay Sağlıq Mərkəzində həkim işləmişəm. 2001-dən Nax. RX Əsəb Xəstəlikləri şöbəsində nevropatoloq və refleksoterapist işləyirəm.

 Kiçik ailəmiz
      1977-ci ildə 1958-ci il təvəllüdlü, ixtisası coğrafiya müəlliməsi olan Paşayeva (indi Zeynili) Nailə Məmməd qızı ilə ailə qurmuşuq. 2 oğul, 1 qız və bir nəvəmiz var.
Böyük oğlum Arazdır. İlk övladımın oğlan olmasını çox istəmiş və bunun belə olacağına əmin olmuşam. Çünki, gələcək ömür gün yoldaşımı seçəndə (evlilikdə məhəbbətdən çox bir birimizi daha yaxşı başa düşməyə xidmət edəcək və ya məni qane edəcək xüüsusiyyətlərə üstünlük verilməsinin tərəfdarıyam) nəzərdə tutduğum çoxsaylı şərtlərdən biri də bu idi. Uşağın cinsinin təxmini müəyyən edilməsi üsulu ilə hesablamışdım ki, yoldaşımın ilk övladı 70-90 % oğlan olacaq. Hətta, adının Araz olacağını çox əvvəllərdən düşünmüşdüm. Beynimdə bu adı bir rəmz oaraq həm təbiətlə (vətən torpağı) həm də cəmiyyətlə (insanla) bağlantısını qurmuşdum. Onun, bir tərəfdən Xan Arazın keçdiyi torpağın-Naxçıvanın layiqli övladı olmasını, digər tərəfdən Şahbuzlu kimi nadir istedada sahib qeyrətli, sözün əsil mənasında şair filosof olan Məmməd Araza bənzəməsini arzulamışdım. Tale elə gətirdi ki, əzizimin hamiləliyinin son ayında Leninqrada (indiki Sankpeterburqa) kursa göndərildim. Getməzdən əvvəl oğlum olacağını və adının da Araz olacağın yazıb balaca zərfə qoyub ağzını yapışdırıb, təqvimin ehtimal olan doğum gününün arxasına yapışdırdım. Yoldaşıma yalnız həmin gün açılacağını dedim. 1979 yanvarın 29-unda Arazım dünyaya göz açmış. Yoldaşımın əmicanısı Güllər Xanım zərfi açmış, oxudukdan sonra şox təəcüblənmiş.
İkinci övladımın da oğlan olmasını istəmişəm. Bu arzuma da çatdım. Onun adını sözün əsil mənasında Böyük bildiyim, Az. Türklərinə xas milli xüsusiyyətlərin nadir genotipi olan Hüseyin Cavidin adını qoydum ki, bu məğrur (bəlkə də həddindən artıq), istedadlı insan bir daha xatırlansın və mənim Cavidim də ona bənzəsin. O, Türkiyə Orta Doğu Teknik Üniversitesini bitirmiş Makina Mühəndisi ixtisasını qazanmış, haliyədə Bakıda işləyir.
Mən H. Cavidə ona görə vurğunam ki, ondakı millilik mənə daha yaxındır. Arzuma uyğun olaraq 3. övladım qız olanda onun adını Turan qoydum. Turan və turançılıq haqqında çox müxtılif fikirlər var. Ama mən H. Cavid ideyasındakı turançılığı özümə daha yaxın bildiyimdən və daha əsası isə həqiqi mənada H. Cavidin “2. həyatını” təmin etməyə nail olan bir övladlıq borcundan çox yüksəkdə əziyyət çəkən, olmazın məşəqqətlərinə qəhrəmancasına sinə gərən Turan Cavidi qeyrət və sədaqətinə pərəstiş etdiyim üçün tək qızımın adını Turan qoydum. Naxçıvan Dövlət Universitetini İngilis dili ixtisası üzrə bitirmiş. 

Hiç yorum yok:

Yorum Gönder