M ü x a l i f l i k


M ü x a l i f l i k (Və ya demokrat harayı)
İstər təbiətdə istərsə də cəmiyyətdə hətta insanın daxilində iki qütblülük var: isti-soyuq, gecə-gündüz, şimal-cənub, yeni-köhnə. Bu ikiliklər inkişafın dinamizmində əsas şərt və istiqamətverici qüvvədir. Hətta, problemləri əsasən düşüncənin gücü ilə həll etməyə çalışan din də bu təbii qanunauyğunluqdan yan keçə bilməmış, alternativ kimi şeytanı yaratmışdır. Bu məsələni insan misalında bir az incləyək. Çox bəsit şəkildə götürsək, insan psixoloji cəhətdən 3 əsas hissədən (parçadan) ibarətdir: birincisi, təbiətin bir parçası kimi, bitki və heyvanlarda da olan, irsi olaraq insana keçən instinktlər. İkincisi, konkret bir insanın şəxsiyyətini xarakterizə edən eqo (ağıl, nəfis). Üçüncüsü, yaşadığı ortamda əldə etdiyi təcrübə, aldığı tərbiyə və təhsillə qazandığı super eqo (vicdan, ruh). Bunlardan insanın inkişafı üçün ağilla (eqo ilə) vicdan (super eqo) ikiliyi daha vacib yer tutur və bunlar iki, bir birinə əks qütbü olan bir tamdır. Məsələni bir qədər də sadələşdirsək insanın daxilində bir ikiliyin yəni ağılla vicdanın bir mübarizəsi var ki, o da yaşamın və inkişafın hərəkətverici qüvvəsi, yol bəlirləyicisidir. Son dərəcə bəsit tanımlasaq, ağıl insanın anadan gəlmə olan qabiliyyətlər və sonradan qazandığı bilgi və təcrübəyə dayanaraq yaşamını sürdürmək üçün özünə faydalını götürmək, əksi olan yəni ona ziyan gətirəcək olandan uzaq durmağı təmin edən psixi prosesdir. Vicdan isə aldığı tərbiyə və təhsil (o cümlədən dini) əsasında ailə, cəmiyyət, allah qarşısında öhdəliyi, borcudur. Hər hansı bir təsirli hadisədən ayrıldıqdan sonar tək başınıza qaldıqda ``öz-öünə danışdığınızı`` xatırlayın. Heç fikirləşdinizmi ki, bu “öz” və “özünə” yəni bu iki “tərəf”, bu bir biri ilə mübahisə edən tərəf, kimlər? Əslində hamı hər hansı bir işi gördükdən və ya bir problemi həll edib qurtardıqdan sonra, o prosesi beynində, öz özünə götür qoy edib, yaxşı pis tərəflərini fikirləşər, ``öz-öünə danışar``, sanki iki nəfər kimi söhbət edər. Bu “iki nəfər”-dən biri bu işin (problemin) faydalı tərəflərini göstərər, digəri çatmayan tərəfləri tənqid edər. Məncə, bu iki “nəfərdən” biri ağıl, digəri işə vicdandır. Sanki, ağıl hər hansı bir şəkildə faydalanmaq üçün etdiyi bu hərəkəti (işi) əsaslandıraraq vicdan qarşısında hesabat verir. Vicdan isə ətrafa, cəmiyyətə, həmin insanın ideya və tərbiyəsinə uyğunluq dərəcəsini müəyyənləşdirir, uyğun gəlməyənləri tənqid edər. ``Böyük Dayaq`` filmində müəllif bu incə məqamı çox yaxşı vermiş. Rüstəm kişinin Qızıl Gül kolunun altında özü ilə söhbətini xatırlayın. Rüstəm kişi bir şəxsiyyət olaraq, özünə məxsus xarakter, ağıl və düşüncəsi ilə gördüyü işlər haqqında qarşısındakı dev kölgəyə (vicdanına) hesabat verir. Beləliklə, insanı əhatə edən istər təbiət istərsə də cəmiyyətdə, hətta insanın özündə belə ikililik var və bu ikilik bir-birini (bütövlükdə isə insanı, cəmiyyəti) tənzimləyir, tarazlayır. Yəni, əsaslandırmaq istədiyim bu ki, alternativsiz, tək tərəfli normal inkişaf mümkün deyil. Bir düşünün, Yer Kürəsinin şimal ya cənub qütbü a planetin varlığı mümkün olarmı? Bu inkişaf etmiş dövlətlərin idarəetmə üsulu demokratiyadır. Yəni biz də inkişaf etmək istəyiriksə, bir ovuc ``dığanın`` əlində aciz qalmaq istəmiriksə, millət olaraq bizdən çox daha az imkanları olanların bizdən çox qabaqda olmasının səbəbini öyrənməli və təcrübələrindən yararlanmalıyıq. Dörd bir yanı su ilə əhatəli bir adada ``yapon möcuzəsi`` ilə insanlığı heyrətə salanlarla, cox zəngin torpağa sahib Türkmən soydaşlarımızın yaşamı arasındakı fərq, məncə, demokratiyanın müqayisəli göstəricisidir. Demokratiyanın əsas şərti isə fikir pluralizmi, çox partiyalı sistem, insanlara seçmə imkanı verən, alternativi olan, yəni tək qütblü deyil, müxalifəti olan siyasi sistemdir. Cəmiyyətin doğru istiqamətdə inkişafını təmin edən qüvvə hakimiyyət müxalifət ikiliyidir, daha doğrusu onların normal münüsibətləridir. Qeyd etdiyimiz insan misalında ağil hakimiyyətdirsə müxalifət onun vicdanıdır, xalqın ağlı ilə vicdanı vəhdət təşkil etməlidir. Yəni, hakimiyyət (ağıl) və müxalifət (vicdan) birliyi (vəhdəti) tandemi yaranmalıdır. Biz də millət olaraq bunu yarada bilsək, qatı düşmənimiz olan erməni Koçaryanla görüşən İ. Əliyevin müxalifətlə də görüşməsinə, müxalifətin isə daha konstruktiv olmasına nail ola bilsək onda normal inkişafımıza nail ola biləcəyik. Cox təəssüflər olsun ki, bizi bütün əlamətləri ilə təkpartiyalı sistemə sürükləyirlər (ən azından Naxçıvanda bu faktdır). SSRİ təkqutblülük “xəstəliyi” ilə bütün dunyanın “bəlasına” cevrilmişdi. Meşşan (obıvatel) o günləri özləyə bilər (çoxları bunu heç gizlətmir), ama demokratiya çox yaxşı idarə etmə metodu olmasa da hələ bundan yaxşısı kəşf edilməyib. Müxalif olan hər şey, ilk öncə bəy, sonra cəbhəçi, daha sonra musavat, indi isə müxalifət kimi ifadələr bütün imkanları (sərvətimizi və gücü) acgözlüklə əlində cəmləşdirmiş iqtidarın tabeliyi və ya asılılığında olan KİV-in təbliğat maşını tərəfindən xalqın gözündən salınmağa çalışılmışdır.
Yadıma bir əhvalat düşdü. Bir kəndə evdə xəstəni nüayinə etməyə getmişdim. Xəstənin anası, mənim əvvəllər müalicə etdiyim və mənim xatirimi çox istəyən yaşlı qadınla görüşüb hal əhval tutduqdan sonar, xəstənin böyük qardaşı zarafatla dedi: - Ana sən bilirsən ki, doxdurun, köhnə müxalifətçidir? Arvadı sanki ilan vurdu, mənə dönüb içdən gələn bir səmimiyyətlə: - Bala, başaa dönüm, nə olursan ol, muxalivət olma. Mənim də xatirini istədiyim bu xalanın istəyi içimi sızlatdı (yəni, məndə stres yaratdı). Tarixən şahı tənqid etmək, amirin sözünün qarşısında söz deyə bilənlər xalq tərəfindən təqdir olunmuş və hətta qəhrəman səviyyəsinə qaldırılmışdır. Ancaq, bu gün beləlıərinə pis gözlə baxılır, alçaldılır, lağ hədəfinə çevrilir. Gərəkənin tam tərsinə məddah və yaltaqlar, qabiliyyətindən, gördüyü və ya görə biləcəyi işin dəyər və qiymətindən asılı olmayaraq mədəniyyət, tibb və elm xadimələri (!) nüfuz sahibi olurlar. Bugün hakimiyyətə yaxın ziyalılarımızın arasında Zəlimxan Yaqub, Rəfail Hüseynov kimi qabiliyyətli və istedadlı olanları çoxdur. Ama, hamı kimi, onlar özləri də bilirlər ki, bu gün əldə etdikləri, qabuliyyət və bacarıqlarının hesabına deyil, etdikləri məddahlığın sayəsindədir. Mən Flora xanımın da, İlhamə xanımın da özlərinə məxsus istedadları olduğunu qəbul edirəm. Onıarın xalq arasında öz pərəstikarları var. Onlara dəyər bax bu aspektə verilməlidir. Ancaq, Flora xanıma qarşı bu haqsızlıq hem də onu sevənlərə qarşıdır. Ama, hakimiyyət gücünə dayanaraq bunu heç vecinə almır, tam tərsinə “Qurdlar Vadisi”ndəki Kirvə düşmənlərinin bütün ətrafını yox
etməyə çalışdığı kimi hakimiyyət də müxalifətin kökünü qazmaq istəyir. Ancaq, filmdə olduğu kimi indiyə qədər çox şey etsə də, bunu axıra qədər edə bilməyəcək. Çünki, hakimiyyət fərqində olmadan demokratik inkişaf missiyayasına daban dabana zidd olan bir missiyanı, yəni öz arzusuna uyğun müxalifət yaratmaq missiyasını həyata keçirmək istəyir. Təbii və tarixi olaraq bütün hakimiyyətlərə çox (bizdə bütün də demək olar) səlahiyyətlər verilsə də ozünə müxalifət seçmək səlahiyyəti verilməyib. Əksi demokratiyanın təbiətinə zidd olardı, mahiyyətini dəyişərdi. Ancaq hakimiyyət əlindəki bütün (və ya demək olar ki, bütün) imkanlardan istifadə edərək müxalifəti çox zəiflətmişdir. Bu isə əslində çox təhlükəlidir. Birincisi, ona görə ki, dövlətin inkişafında stimulverici qüvvə olan müxalifətin hədsiz zəifliyi, yəni vəzifəsinin öhdəsindən gələ bilməməsi milli inkişafı çox ləngidir (bu onu edənlərin umrundamı, bilmirəm), uzaq vadidə isə daha ciddi fəsadlar törədə bilər. Bu hakimiyyət tərəfindən fərqində olmadan oturduğu budağı kəsmək kimi bir şeydir. Dahası və ən qorxulusu, ümumilikdə cəmiyyətin, konkret halda isə demokratiyanın inkişaf qanunlarına uyğun olaraq, olmayan və ya çox zəif olan müxalifətin yerini çox mürəkkəb proseslərin cərəyan etdiyi dövrümüzdə cəmiyyəti ağır fəsadlara sürükləyən missiyalar (məsələn, radikal islamçılıq kimi) tuta bilər. Hamı, hətta hakimiyyətdəkilər də bilməlidirlər ki, bu heç arzu olunan deyil.
Digər neqativ hal odur ki, inkişafın stimulverici qüvvəsi olan tənqid əvəzinə təirif, bütləşdirmə, yaltaqlıq və məddahlıq türk mənəvi dəyərlərini deqradasiyasına, yanlış yönə istiqamətlənməsinə münbit şərait yaradır. Xüsusən gələcəyimiz olan gənclərimiz arasında bu tendensiya acınacaqlı haldadır və çayır kimi yayılır. Nax. Dövl. Universitetinin bir son kurs tələbəsi Naxçıvanda artıq ənənə halı qazanmış iməciliklə əlaqəli Nax. TV-də çıxışında dedi ki, mən həftənin 5 günü darıxıram, yata bilmirəm ki, şənbə günü tez gəlsin iməciliyə gedim. Bunun ağ yalan olduğunu, hamı (yəni, aldığı məvacibini nəzərə alsaq onsuz da “həmişə iməcilikdə olan” həkim də, müəllim də) bilir, ama, hamı da qəbul edir. İşin ən acınacaqlı tərəfi odur ki, xalqın əksəriyyəti bu yalanları, haqsızlıqları ya dəstəkləyir (içindən gəlməsə belə TV ekranına iməciliyi öyüb bitirəməyən bir neçə adamla görüşmüşəm, ekrana dediklərinin tam tətsini demişlər), ya da yaxşı halda biganə qalırlar. Tibbi araşdırmalar təsdiqləmişdir ki, insanı ən çox həyəcanlandıran hətta qorxudan hadisələr təkrarlandıqca təsirini azaldır, hətta o adam üçün adiləşir. Bu psixi qanunauyğunluğa əsaslanaraq “üstünə getmə metodu” adlanan müalicə metodu da müvəffəqiyyətlə tətbiq ediməkdədir. Yəni, birinin yanında bir neçə dəfə baş kəsilərsə, bu dəhşətli hadisə o adam üçün adiləşər. Bu gün Cavid ruhuna xəyanət kimi görünən ikiüzlülük, riyakarlıq, yaltaqlıq adi həyat tərzinə çevrilir. Kərbəla müsibəti haqqı qoruduğu üçün uzun illərdir qəlblərdə yaşadılır, böyük etiramla mərasimər keçirilir. İnsanın həyatının mənalarından biri və əsası haqqı nahaqdan ayırmaq, haqqı müdafiə etməkdir, sonunda haqqa çatmaqdır. Bu günkü şəraitdə haqqı müdafiə bir yana dursun xalqın haqlını haqsızdan ayırma imkanı əlindən alınmış, rasional seçmə qabiliyyəti kortaldılmışdır. Bütün bunlar isə seçkilərdə udmanın qeyri məqbul olan onlarla yolundan biri (daha çox perspektivə hesablanmışı) kimi görünür. Nəticəsi isə göz qabağındadır.
Dünyanın heç bir yerində hakimiyyətlə müxalifət arasındakı münüsibət bizdəki kimi barışmaz, düşmənçilik səviyyəsində deyil. Heç düşündünüzmü ki, niyə bizdə müxalifət bu qədər radikaldır? Məncə, bunun səbəbləri çoxdur. Başlıcası hakimiyyət bütün imkanları əlində cəmləşdirərərək oyun qaydalarını (demokratiya qaydaları kimi başa düşməli) kobud şəkildə pozur və bunun tərsini isbatlamaya çalışır (və buna lazımi dərəcədə nail olmuşdur). Sanki, hamının gözünün qarşısında 6-8 ayliq hamilə olduğu halda, bakirəyəm deyir. Bu azmış kimi, tərəf müqavilini də haqsız çıxarır, lağ hədəfinə çevirir, həbs edir, işgəncələrə məruz qoyur. Görünən bu ki, məqsədi də, müxalifəti dişsiz, ələbaxan hala gətirmək, alınmasa, yox etməkdir. Bunları da bütün xalqın (o cümlədən müxalifətin) sərvətini mənimsəyərək əldə etdiyi yöntəmlərlə (güc strukturları, TV, məhkəmələr və s.) həyata keçirir. Bu vəziyyət qarşı tərəfdəkini ya sındırar, ya da radikallaşdırar.
Əvvəllər eşitdiym bir hekayəni xatırladım. Kasıb bir kişinin 3 oğlu varmış. Adətlərinə görə arvadı xörəyin hamısını kişinin qabağına qoyar, o da uşaqlara bölərmiş. Bir gün ət yeməyi yeyərkən kişinin dişi yaxşı kəsmədiyindən sümüyklərin üstündən yumşaq ətdən qopara bildiyini qoparıb qalanını növbə ilə oğlanlarına verir. Necə olursa kişi ortancıl oğlana verəcəyi növbəti sümüyü kiçiyə verir. Sonra, təkrar növbə ortancıla çatan da kiçik oğlan sırtıqcasına: “İndi atam bu sumuyü də dişləyib mənə verəcək” deyir. Hirsindən yerində qıvrılan ortancı: “Həə, atam ayrı şeyi də (tərbiyəsiz ifadə işlədərək) dişləyib sənə verəcək” deyir. İşə qarışan ana kişinin səhv etdiyini, kiçiyin haqlı, ama, çox kobudluq etdiyini izah edərək işi yoluna qoyur. Məncə, bu ibrətamiz hekayə timsalında atanın da səhvi, uşağın da tərbiyəsizliyii başa düşüləndi. Ama, əsas isə haqqın pozulmasının qarşısının alınmasıdır ki, bunu ədalətli məhkəmə rolunu oynayan ana yerinə yetirə bilir. Bu misalda ata hakimiyyətə, kiçik oğlan müxalifətə ana isə xalqa bənzəyir. Burdan üç nəticə çxarmaq olar. Birincisi, haqqın pozulduğu yerdə onun bərpası uğrunda mübarizə başlar. İkincisi, haqqını qorumağa gücü catmayan imkansız və gücsüz radikallaşar. Üçüncüsü, haqqın bərpası üçün üçüncü qüvvə lazımdır. Çünki, yuxarıdakı misalda izah etdiyimiz ağıl vicdan münasibətlərindən də göründüyü kimi, ağıl özünə faydalı tərəfi görər, onu müdafiə edər. Bütün həyatım boyu kimsənin asan asan günahını boynuna aldığını görmədim. Oğrunu oğurluq etdiyi zaman belə yaxalasan, sənə çoxlu səbəb (uşağım acından ölür, çox ehtiyacım var kimi) deyərək özünü müdafiə edəcək. Əslində bu beynin özünüqoruma neyrofizioloji mexanizmlərindən biridir. Deməli, cəmiyyətdə prosesləri ədalətli həll məcrasına yönəltmək üçün əsas rolu ədalətli məhkəmə olmaqla xalq (əksəriyyət kimi nəzərdə tuturam) olmalıdır. Bax elə burada “qəribi ağlamaq tutur”. Çünki, xalq nəyə qadirsə, elə iqtidari da, müxalifəti də, məhkəməsi də ona qadirdir. Yəni bütün bunlar xalqın inkişaf göstəricisidir. Bizim şəraitdə əsas işi (yəni haqqı bərpa etmə işini) ən ağrılı bəlamız olan, perspektivdə də hələ düzəlməsi asan görünməyən məhkəmələrimiz olmalıdır.
Deməli, cəmiyyətimizin bütövlükcə çox ağır xəstəliklərə düçar olduğu ortada. Bu xəstəliklərdən biri də, tarixlər boyu sürən irsi xəstəliyimiz “bölmə və bölünmə” xəstəliyidir. Milləti rayon və regionlara, dini qrup və sektalara bölərək, həmişə özümüz olan qurupu təriflər, qarşı tərəfi acımasızcasına tənqid (tənqid olsa yaxşıdır, təhqir) atəşinə tutarıq. Bu münasibət müxalifət və hakimiyyətə münüsibətdə özünü göstərir. Ama, bu tənqid və təhqirləri edərkən, heç düşünmərik ki, onlar da bizim parçamızdır. Biz parçalar birləşəndə tam olacaq, onda bir şeyə yarayacaq, hər şeyimizi (torpağımızı, namusumuzu) belə zəbt etmiş bir ovuc erməninin layiq olduğu cavabı bütün parametrlərdə verəcək, ümumtürk və beynəlxalq töhmətdən yaxa qurtaracağıq. Məncə, bu bəlaların çarəsini yenə xalq özü tapmalıdır. Xalq deyərkən mən bir qurup ziyalının bir araya gəlib, bu bəlaların həllini göstərəcək bir konsepsiya hazırlamalı və onun ətrafında birləşib uzun bir mücadiləyə başlamalıdır. Bu günkü mənzərə məni ümidsizliyə sevq etsə də, Cavidlər, Nəsimilər, Rəsulzadələr yetişdirən azərbaycan türkünun genlərini daşıyan gənclərimiz bu missiyanı yerinə yetirmək məcburiyyətindədirlər. (May 2006)

Hiç yorum yok:

Yorum Gönder